“Azəriqaz” İB tərəfindən Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Naxçıvan Muxtar Respublikasına mediatur təşkil edib. Səfər çərçivəsində KİV nümayəndələrinə regionun qaz təsərrüfatının mövcud vəziyyəti, həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və infrastruktur layihələri barədə ətraflı məlumat verilib.
Media nümayəndələri Naxçıvan Regional Qaz İstismarı İdarəsinin texniki imkanlarını, rəqəmsal idarəetmə sistemlərinin və operativ qəza-bərpa xidmətinin fəaliyyətini yerində izləyib, görülən işləri birbaşa sahələrdə müşahidə ediblər.
İdarədə keçirilən brifinq zamanı jurnalistləri maraqlandıran bir sıra suallara aydınlıq gətirilib. “Azəriqaz” İB-nin İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini, departament rəisi vəzifəsini icra edən Murad Kərimov bildirib ki, Birliyin təsdiq edilmiş strategiyasının tətbiq planına uyğun olaraq yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə qurumun tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Naxçıvan Regional Qaz İstismarı İdarəsi (RQİİ) yaradılıb. İdarə üzrə vakant yerlərin komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətində işləyən işçilər hesabına təmin edilib, hazırda Naxçıvan RQİİ-nin strukturu tam formalaşdırılıb və Naxçıvan QİX-in bütün əməkdaşları yeni strukturda yerləşdirilib, proses yekunlaşıb.
Birliyin Naxçıvan RQİİ-nin rəisi Rəşad Cavadov isə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında bütün yaşayış məntəqələrinin 100% qazlaşdırıldığını, qaz kəmərlərinin ümumi uzunluğunun 9287 km təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 9 qazpaylayıcı stansiya vasitəsilə 94 mindən çox abonent təbii qazla təmin olunur.
Görüləcək və planlaşdırılan işlər barədə məlumat verən R. Cavadov qeyd edib ki, Naxçıvan şəhərində əsas qaz kəmərlərinin daha böyük diametrli borularla əvəz olunması, mərkəzi qazanxana üçün yeni qaz xəttinin çəkilməsi, köhnə və korroziyaya uğramış boruların dəyişdirilməsi və qaz şəbəkəsində texniki yenilənmə işlərinin aparılması nəzərdə tutulur.
““Azəriqaz” İB-də rəqəmsallaşma xidmət keyfiyyətini artırmaq, operativliyi təmin etmək və idarəetməni təkmilləşdirmək məqsədi daşıyır. Bu prosesdə əsas prioritet daxili proseslərin rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və vahid idarəetmə sisteminin qurulmasıdır”, -bu sözləri isə Naxçıvan RQİİ-nin Müştəri xidmətləri şöbəsinin rəisi Qənbər Qənbərov KİV nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Şöbə rəisinin sözlərinə görə, bu çərçivədə veb və mobil versiyalı yeni proqram təminatı tətbiq olunub ki, artıq sahə işləri, müştəri xidmətləri, kommersiya əməliyyatları və şəbəkə idarəçiliyi vahid platforma üzərindən idarə edilir. Bu isə nəzarəti gücləndirir, məlumatların mərkəzləşdirilməsini və qərarvermənin sürətlənməsini təmin edir.
Rəqəmsallaşmanın əsasən dörd istiqaməti (müştəri xidmətləri, kommersiya, şəbəkə və sahə işləri) əhatə etdiyini deyən qurum rəsmisi müştəri xidmətləri sahəsində bir çox xidmətlərin rəqəmsallaşdırıldığını da diqqətə çatdırıb: “Texniki şərtlərin verilməsi, borcun olmaması barədə arayışın təqdim edilməsi, müqavilələrin bağlanması və müraciətlərin qeydiyyatı artıq elektron qaydada həyata keçirilir. Bütün müraciətlər vahid platformada qəbul olunur və bu, proseslərin şəffaf izlənməsini, vaxtında icrasını təmin edir”.