Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2026-cı il 7 may tarixli 134 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
İxtisas attestatının forması, attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması
və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 21.3-cü maddəsinə əsasən hazırlanmışdır və ixtisas attestatının forması və verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. attestasiya – texniki xidmətin həyata keçirilməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədin bilik səviyyəsinin yoxlanılması;
1.2.2. ixtisas attestatı – texniki xidmətin həyata keçirilməsi üçün fiziki şəxsin uyğunluğunu təsdiq edən sənəd;
1.2.3. namizəd – ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün ixtisas attestatını əldə etmək məqsədilə attestasiyadan keçmək üçün müraciət edən fiziki şəxs.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
1.4. İxtisas attestatının verilməsi, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarət Tənzimləyici tərəfindən həyata keçirilir.
1.5. Hüquqi şəxsin işçisi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ixtisaslaşmış podratçı kimi fəaliyyət göstərməsi üçün energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə malik olmalı, habelə müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalıdır.
1.6. Bu Qayda qüvvəyə minənədək verilmiş ixtisas attestatları həmin attestatlarda göstərilmiş müddətin sonunadək qüvvədə qalır.
1.7. İxtisas attestatının verilməsindən, qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
2. İxtisas attestatının forması və verilməsi qaydası
2.1. Qanunun 21.1-ci maddəsinə əsasən namizəd ixtisas attestatının verilməsi məqsədilə attestasiyada iştirak etmək üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə Tənzimləyiciyə müraciət edir və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.1.1. namizədin fotoşəkli (30x40 mm ölçüdə 2 ədəd);
2.1.2. namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
2.1.3. namizəd hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
2.1.4. hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə namizəd arasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) bağlanılmış əmək müqaviləsi;
2.1.5. müvafiq sahə üzrə peşə təhsili haqqında diplomun (sertifikatın) surəti;
2.1.6. ixtisasartırma kurslarında iştirakını təsdiq edən şəhadətnamə (olduğu halda);
2.1.7. ƏMAS-dan işçinin əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il iyulun 1-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə isə əmək kitabçasının surəti.
2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə müvafiq dövlət qurumlarından əldə edilməsi mümkün olduqda həmin sənədlər namizəddən tələb olunmur. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumlarından tələb olunur və ya namizəd tərəfindən təmin edilir.
2.3. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən olunmuş sənədlər Tənzimləyiciyə təqdim edildiyi gündən 10 (on) gün müddətində baxılır. Təqdim edilmiş (bu Qaydanın 2.2-ci bəndinin müddəaları nəzərə alınmaqla) sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə namizədə sənədlərin Tənzimləyiciyə təqdim edildiyi gündən 3 (üç) gün müddətində rəsmi məlumat verilir və ona 10 (on) gün müddətində səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda sənədlərə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Həmin müddət ərzində səhvləri və ya çatışmazlıqları aradan qaldırmayan namizədlər attestasiyaya buraxılmırlar. Namizəd aşkar olunmuş səhvləri və çatışmazlıqları aradan qaldırdıqdan sonra bu Qaydaya uyğun olaraq təkrar müraciət edə bilər. Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda namizədə attestasiyaya buraxılması haqqında arayış verilir, uyğun olmadıqda isə attestasiyaya buraxılmasından imtina edilməsi barədə Tənzimləyici tərəfindən qərar qəbul edilir və 3 (üç) iş günü müddətində rəsmi qaydada təqdim edilir. Attestasiyaya buraxılmayan namizəd Tənzimləyicinin bu qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
2.4. Bu Qaydanın 1.5-ci bəndinin tələblərinə cavab verən namizədlər barədə məlumat (soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu) Tənzimləyici tərəfindən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq sənədlərə baxılma müddəti başa çatdıqdan sonra 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra − Mərkəz) göndərilir.
2.5. Namizədlər barədə məlumatlar təqdim edildikdən sonra Mərkəz bu Qaydanın 2.7.1-ci yarımbəndinə uyğun olaraq attestasiyada iştirak etmək üçün qeydiyyat barədə elan verir. İmtahan il ərzində 2 (iki) dəfə olmaqla, qeydiyyat müddətinin başa çatdığı gündən ən geci 1 (bir) ay müddətində keçirilir.
2.6. Attestasiyada iştirak etmək üçün namizəd qeydiyyat müddətində EHİS-dəki elektron kabineti vasitəsilə qeydiyyatdan keçir və ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş göndərilir.
2.7. Attestasiyanın təşkili ilə əlaqədar Mərkəz:
2.7.1. attestasiyanın keçirilmə tarixindən ən azı 1 (bir) ay əvvəl attestasiyada iştirak etmək üçün qeydiyyat barədə elan verir;
2.7.2. attestasiyanın keçirilməsinə ən azı 10 (on) gün qalmış attestasiyada iştirak edəcək namizədlərin buraxılış vərəqəsini və attestasiya qaydaları barədə məlumatlar əks olunan yaddaş kitabçasını onların EHİS-dəki elektron kabinetlərində yerləşdirir;
2.7.3. attestasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumatları Mərkəzin rəsmi internet saytında (bundan sonra – sayt) yerləşdirir;
2.7.4. attestasiyanın qrafikini və aparılma texnologiyasını müəyyən edir;
2.7.5. test tapşırıqlarına dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə həmin siyahının xüsusi ayrılmış məlumat bazasında saxlanılmasını təmin edir;
2.7.6. attestasiyanın təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar ərizə, şikayət və təkliflərə baxır və həll edir;
2.7.7. attestasiyanın qrafikini saytda yerləşdirir;
2.7.8. attestasiyada iştirak edəcək hər bir namizədə şəxsi eyniləşdirmə kodu verir;
2.7.9. attestasiyada iştirak edəcək nəzarətçiləri müəyyən edir;
2.7.10. attestasiyanın nəticəsi haqqında məlumatları saytda yerləşdirir.
2.8. Namizədlər şəxsiyyətini təsdiq edən sənədi və buraxılış vərəqəsini təqdim etməklə attestasiyada iştirak edirlər.
2.9. Attestasiyanın keçirilməsi zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
2.9.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, attestasiyaya öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
2.9.2. attestasiya zamanı kalkulyator istisna olmaqla mobil telefon və digər rabitə vasitələri, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
2.9.3. səbəbindən asılı olmayaraq attestasiya başlandığı andan yerini dəyişmək, gəzişmək, yerindən durmaq və attestasiyanın gedişinə mane olmaq;
2.9.4. digər namizədin nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
2.9.5. nəzarətçiyə və digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
2.9.6. cavab kartını (vərəqini) və sual kitabçasını nəzarətçiyə təhvil vermədən attestasiyanın keçirildiyi zalı tərk etmək;
2.9.7. attestasiya keçirilən binaya yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu qəbildən olan əşyalarla daxil olmaq, özü ilə tütün məmulatı gətirmək;
2.9.8. səbəbindən asılı olmayaraq, attestasiya başlandığı andan 1 (bir) saat bitənədək və attestasiyanın son 30 (otuz) dəqiqəsi ərzində attestasiya keçirildiyi zaldan çıxmaq.
2.10. Namizədin bu Qaydanın 2.9-cu bəndində qeyd edilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun attestasiya nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
2.11. Texniki səbəblərdən attestasiyanın keçirilməsi mümkün olmadıqda Mərkəzin qərarı əsasında attestasiya davam etdirilir və ya yenidən attestasiya keçirilir.
2.12. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Test tapşırıqlarının hazırlanması üçün əsas olan Attestasiya Proqramı Mərkəzlə razılaşdırılmaqla Tənzimləyici tərəfindən hazırlanaraq təsdiq edilir və saytda yerləşdirilir, habelə Mərkəzə təqdim edilir.
2.13. Attestasiya bir mərhələdə keçirilir və test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının aşağıdakı növləri vardır:
2.13.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb edilən;
2.13.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən.
2.14. Qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir:
2.14.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır;
2.14.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır;
2.14.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu Attestasiya Proqramından kənara çıxmamalıdır;
2.14.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır;
2.14.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
2.15. Açıq tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqlarının hazırlanmasına və ekspertizadan keçirilməsinə müqavilə əsasında fiziki və (və ya) hüquqi şəxslər cəlb edilə bilərlər.
2.16. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və test bankına daxil edilir. Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları attestasiyada istifadə edilir.
2.17. Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.
2.18. Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Mərkəz və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir.
2.19. Attestasiyada istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü və toplanılması mümkün olan ümumi (maksimal bal) Mərkəz tərəfindən müəyyən edilir.
2.20. Attestasiya Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.
2.21. Attestasiyanın davametmə müddəti 2 (iki) saatdır.
2.22. Test tapşırıqları üzrə qapalı tipli suallar üzrə hər düz cavab 1 (bir) balla, açıq tipli suallar üzrə hər düz cavab 2 (iki) balla, düzgün olmayan cavab və ya cavabsız saxlanma 0 (sıfır) balla qiymətləndirilir.
2.23. Attestasiyada toplanılması mümkün olan ümumi (maksimal) baldan 70 faiz və daha çox nəticə əldə etmiş namizəd attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab olunur.
2.24. Attestasiyanın nəticələri attestasiya başa çatdıqdan sonra ən geci 5 (beş) iş günü müddətində elan edilir.
2.25. Attestasiyanın nəticələri elan olunduqdan sonra bu barədə məlumatlar 1 (bir) iş günü müddətində Mərkəz tərəfindən Tənzimləyiciyə təqdim olunur. Attestasiyada iştirak etmiş namizədə EHİS-dəki elektron kabineti vasitəsilə etdiyi müraciət əsasında attestasiyanın nəticəsi barədə arayış Mərkəz tərəfindən elektron sənəd formasında hazırlanaraq namizədin EHİS-dəki elektron kabinetində yerləşdirilməklə verilir.
2.26. Attestasiyanın nəticəsindən narazı qalan namizəd tərəfindən nəticənin elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına və (və ya) məhkəməyə şikayət verilə bilər.
2.27. Apellyasiya Komissiyasında müraciətə aidiyyəti mütəxəssislər tərəfindən 10 (on) iş günü müddətində baxılır və namizədə Mərkəz tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablama aparılır və namizədin attestasiya nəticələri yenilənir. Namizəd attestasiya nəticələri ilə bağlı qəbul edilmiş qərardan məhkəməyə şikayət verə bilər.
2.28. Mərkəz tərəfindən attestasiyanın nəticələri barədə məlumatlar təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində attestasiyadan uğurla keçmiş namizədlərə bu Qaydanın əlavəsində qeyd edilən formada Tənzimləyici tərəfindən ixtisas attestatı ödənişsiz verilir. Attestasiyadan keçməyən namizədlər ixtisas attestatı almaq üçün təkrar Tənzimləyiciyə müraciət etmək hüququna malikdirlər.
2.29. İxtisas attestatı Tənzimləyicinin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir, müayinə və texniki xidmət məlumatları üzrə reyestrdə (bundan sonra – Reyestr) qeydiyyata alınır.
2.30. İxtisas attestatında aşağıdakılar qeyd edilir:
2.30.1. ixtisas attestatını verən qurumun adı;
2.30.2. ixtisas attestatı verilən şəxsin soyadı, adı və atasının adı;
2.30.3. ixtisas attestatı verilən şəxsin işlədiyi ixtisaslaşmış podratçı hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda onun soyadı, adı və atasının adı, VÖEN-i, fəaliyyət ünvanı;
2.30.4. ixtisas attestatının nömrəsi və verilməsi tarixi;
2.30.5. ixtisas attestatının qüvvədəolma müddəti;
2.30.6. ixtisas attestatını təsdiq edən şəxsin soyadı, adı, vəzifəsi, imza və möhür yeri.
2.31. İxtisas attestatının əsli bir nüsxədən ibarət olaraq ixtisas attestatı almış şəxsə verilir, ixtisas attestatının verilməsini təsdiq edən sənədlər isə Tənzimləyicidə saxlanılır.
2.32. İxtisas attestatı yararsız hala düşdükdə, məhv olduqda və ya itirildikdə ixtisas attestatı almış şəxsə onun müraciəti əsasında ixtisas attestatının dublikatı verilir. Bu halda ixtisas attestatı almış şəxs tərəfindən ixtisas attestatının dublikatının alınması üçün Tənzimləyiciyə müraciət edilir. İxtisas attestatının dublikatı müraciət edildiyi gündən 3 (üç) iş günü müddətində ixtisas attestatı almış şəxsə ödənişsiz verilir.
2.33. İxtisas attestatı almış şəxsin, habelə ixtisaslaşmış podratçının işçisi olduqda həmin podratçının attestatda qeyd edilmiş məlumatlarında hər hansı dəyişiklik baş verdiyi halda, ixtisas attestatı almış şəxs tərəfindən ixtisas attestatının dəyişdirilməsi barədə ərizə, qüvvədə olan ixtisas attestatının əsli və müvafiq dəyişiklikləri təsdiq edən sənəd Tənzimləyiciyə təqdim edilir və ixtisas attestatı 3 (üç) iş günü müddətində ödənişsiz dəyişdirilir.
2.34. İxtisas attestatı 10 (on) il müddətinə verilir.
2.35. Bu Qaydanın 3.6.2-ci və 3.6.3-cü yarımbəndlərində nəzərdə tutulan hallarda ixtisas attestatı ləğv edildikdə və bu Qaydanın 2.34-cü bəndində nəzərdə tutulmuş müddət keçmədikdə ixtisas attestatının ləğv edildiyi gündən 2 (iki) il müddətində ixtisas attestatı almaq üçün yenidən müraciət edən namizədə attestasiya keçirilmədən yeni ixtisas attestatı verilir.
3. İxtisas attestatının qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi qaydası
3.1. İxtisaslaşmış podratçı və onun ixtisas attestatı almış işçisi öz fəaliyyətini həyata keçirərkən Qanunun, energetika sahəsində yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktların və bu Qaydanın tələblərinə riayət etməlidir.
3.2. Tənzimləyici tərəfindən ixtisas attestatı almış şəxsin fəaliyyətinə Qanunun 20-ci maddəsinə uyğun olaraq nəzarət həyata keçirilərkən pozuntular aşkar edildikdə Tənzimləyici 3 (üç) gün müddətində ixtisas attestatının qüvvədəolma müddətinin dayandırılması barədə qərar qəbul edir.
3.3. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hal olduqda ixtisas attestatının qüvvədəolma müddəti 30 (otuz) gün müddətinə dayandırılır.
3.4. Bu Qaydanın 3.2-ci bəndində qeyd edilən nəzarət nəticəsində aşkar olunan çatışmazlıqlar barədə 2 (iki) iş günü müddətində ixtisaslaşmış podratçıya bildiriş göndərilir. Pozuntular aşkar edildiyinə görə ixtisas attestatının qüvvədəolma müddəti dayandırılmış ixtisas attestatı almış şəxs bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş müddətdə Tənzimləyiciyə yol verilmiş pozuntuların səbəbləri, habelə bu pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər barədə elektron və ya yazılı qaydada məlumat təqdim etməlidir. Tənzimləyici təqdim edilmiş məlumatlara 2 (iki) gün müddətində baxır, həmin məlumatlara əsasən pozuntuların aradan qaldırıldığını müəyyən etdikdə ixtisas attestatının qüvvədəolma müddətinin 1 (bir) iş günü müddətində bərpa edilməsi barədə qərar qəbul edir.
3.5. Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş məlumat bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə Tənzimləyici həmin müddətin bitdiyi gündən 1 (bir) iş günü müddətində ixtisas attestatının ləğv edilməsi barədə qərar qəbul edir.
3.6. İxtisas attestatının ləğv edilməsi barədə qərar aşağıdakı hallarda qəbul edilir:
3.6.1. ixtisas attestatının ləğv edilməsi barədə ixtisas attestatı almış şəxs tərəfindən ərizə təqdim edildikdə;
3.6.2. ixtisas attestatı verilən şəxsin işlədiyi hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya vergi orqanında uçotdan çıxarıldıqda;
3.6.3. ixtisas attestatı verilən şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verildikdə;
3.6.4. ixtisas attestatı almış şəxsin əmək qabiliyyətini tam itirdikdə və ya şəxs vəfat etdikdə;
3.6.5. bu Qaydanın 3.2-ci bəndində qeyd edilən hal təqvim ili ərzində ən azı 3 (üç) dəfə təkrar edildikdə;
3.6.6. bu Qaydanın 3.5-ci bəndində nəzərdə tutulmuş hallarda;
3.6.7. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərdə uyğunsuzluq aşkar edildikdə;
3.6.8. ixtisas attestatı almış şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, fəaliyyət qabiliyyətinin olmaması, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
3.6.9. ixtisaslaşmış podratçı fəaliyyəti ilə bağlı müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəzasına məhkum olunduqda.
3.7. Tənzimləyici bu Qaydanın 3.6.2-3.6.4-cü, 3.6.8-ci və 3.6.9-cu yarımbəndlərində qeyd edilən məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EHİS vasitəsilə müvafiq dövlət qurumlarından əldə edir.
3.8. İxtisas attestatının ləğv edilməsi ilə ixtisas attestatı verilən şəxs Reyestrdən çıxarılır.
3.9. İxtisas attestatının qüvvədəolma müddətinin dayandırılması, bərpa olunması və ya onun ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində ixtisas attestatı almış şəxsə (ixtisas attestatı almış şəxsin vəfat etməsi, habelə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olduğu hallar istisna olmaqla) elektron və ya yazılı qaydada təqdim edilir və məlumatlar Reyestrə daxil edilir.
4. İxtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası
İxtisaslaşmış podratçıların fəaliyyətinə Qanunun 20-ci maddəsinə uyğun olaraq texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, qaz qurğularının etibarlı istismarı sahəsi üzrə isə Tənzimləyici monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir.
5. Keçid müddəa
Bu Qaydada nəzərdə tutulan Tənzimləyicinin səlahiyyətləri Qanunun 30.3-cü maddəsinə əsasən 2028-ci il iyulun 1-dək Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən həyata keçirilir.
|
“İxtisas attestatının forması, attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi və ixtisaslaşmış podratçıların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”na əlavə
İXTİSAS ATTESTATI
№ __________ “_____”____________ 20 ____il
______________________________________________________________________ (ixtisas attestatını verən qurumun adı) İxtisas attestatı verilmişdir _________________________________________________ _________________________________________________________________________ (fiziki şəxsin soyadı, adı, atasının adı) İxtisaslaşmış podratçı hüquqi şəxs olduqda adı, VÖEN-i və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda soyadı, adı, atasının adı, VÖEN-i və fəaliyyət ünvanı _________________________________________________________________________ İxtisas attestatının qüvvədəolma müddəti ___________________________________ İxtisas attestatını təsdiq edən şəxs __________________________________________ _________________________________________________________________________ (soyadı, adı) Vəzifəsi __________________________________________________________________
İmza ________________
M.Y.
|